Azərbaycan Respublikasında biznesin növlərinin inkişaf vəziyyəti və səciyyəvi xüsusiyyətləri


Biznesin növləri sahibkarın əsas fəaliyyət sferasını müəyyənləşdirir.Biznesin bütün növləri ayrıca, yaxud birlikdə fəaliyyət göstərə bilər.

İstehsal biznesi - çoxşaxəli biznes fəaliyyətinin aparıcı və mürəkkəb növü hesab edilir. İstehsal biznesində məhsul istehsal edilir, iş və xidmətlər yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. İstehsal biznesinin üstün sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir, çünki o, digər biznes növlərinin inkişaf istiqamətlərini müəyyənləşdirir. İstehsal biznesinin tərkibinə məhsul və xidmətlər istehsalı və onların istehsal istehlakı, innovasiya, elmi-texniki fəaliyyət və s. aiddir.

İstehsal biznesi ilə məşğul olan şəxs, hər şeydən əvvəl, istehsal edəcəyi məhsulu və göstərəcəyi xidmət növünü müəyyənləşdirməli, potensial istehlakçını axtarıb tapmalı və onunla əlaqə qurmalıdır. Bazar iqtisadiyyatının inkişaf etdiyi qərb dövlətlərində sahibkarla potensial istehlakçı arasında şifahi razılaşmalar etibarlı təminat sayılır, yalnız zəruri hallarda bu razılaşma sonradan saziş formasında bağlanıla bilər. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarla istehlakçı arasında şifahi razılaşma çox vaxt etibarlı olmur.

Elmi-texniki tərəqqinin sürətlənməsi milli iqtisadiyyatın formalaşması və dayanıqlı inkişafında mühüm rol oynayır. “Yapon möcüzəsi” buna bariz sübutdur. Məlum olduğu kimi, İkinci cahan savaşında Yaponiyanın xalq təsərrüfatı tamam dağılmış, qalib dövlətlər texnikanın yararlı hissələrini söküb aparmış, qalan hissələrini isə məhv etmişlər. Yaponlar iqtisadiyyatın bərpasına sıfırdan, özü də boş əllə başlamalı oldular. Buna baxmayaraq,Yaponiya az zaman kəsiyində dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrildi, sözün əsl mənasında “Yapon möcüzəsi” baş verdi. Yaponiyada istehsal olunan məhsullar Amerika mallarını Amerika bazarlarında, Avropa mallarını Avropa bazarlarında sıxışdırmağa başladı. Beləliklə, Yaponiyanın dünya ölkələri içərisində qabaqcıl mövqeyə çıxmasının əsas səbəbi elmi-texniki tərəqqinin sürətlənməsinə yönəldilən dövlət siyasəti və onun ardıcıl həyata keçirilməsi olmuşdur.

Sahibkarlığın iki forması fərqlənir: yeniliklərin yaradılması və iqtisadi reallaşdırılması - innovasiya sahibkarlığı; xalis bazar sahibkarlığı – marketinq. Azad sahibkarlığın mahiyyəti birinci formada – yeniliklərin, yəni əvvəllər mövcud olmayan yeni istehsal amillərinin kombinasiyasının (yeni istehsal funksiyasının) yaradılması prosesində tam açıqlanır.

Yeniliklər bazarının normal fəaliyyəti, hər şeydən öncə, intellektual mülkiyyətdən düzgün istifadə olunmasını tələb edir. İntellektual mülkiyyət ağıl, zəka, zehin mülkiyyəti deməkdir. Milli sərvət sayılan intellektual mülkiyyət əsasən dörd növə ayrılır: patent, ticarət markası, müəlliflik hüququ və sənaye sirləri. Bunların özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, patent cəmiyyətdə ixtiraçılar, yaradıcı adamlar arasında müqavilə kimi səciyyələnir; ticarət markası (nişanı) firmanın, şirkətin keyfiyyət rəmzidir, malın (xidmətlərin) mənbəyini və onun başqa əmtəələrdən fərqli cəhətləridir; müəlliflik hüququ isə orijinal müəlliflik işlərinə aiddir.

İntellektual mülkiyyətin qorunması şərtləri və müddətləri “İntellektual mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Təsadüfi deyil ki, intellektual mülkiyyət haqqında mükəmməl qanunu olmayan ölkələrin iqtisadiyyatına kifayət qədər xarici investisiya, yeni texnika və texnologiyalar cəlb edilmir.

Kommersiya biznesi - əmtəə və xidmətlərin alqı-satqısı üzrə əməliyyatların həyata keçirilməsi ilə məşğul olur. Biznesin bu növü böyük həcmdə maliyyə vəsaiti tələb etmir və qoyulan vəsait daha tez gəlir gətirir. Məhz ona görə də kommersiya biznesi ən geniş yayılmışdır. Kommersiya biznesinin rentabellik səviyyəsi 20 faizdən yüksəkdir.

Kommersiya biznesinin ümumi sxemi istehsal sahibkarlığının fəaliyyət sxeminə müəyyən dərəcədə oxşardır. Lakin fərq ondan ibarətdir ki, kommersiya biznesində material resurslarının əvəzinə hazır məhsul alınır və sonradan müəyyən qiymət fərqi qoyaraq istehlakçılara çatdırılır.

Kommersiya biznesinin fəaliyyət sahəsi əmtəə birjası və ticarət təşkilatlarıdır. Əmtəə birjası satıcıları və alıcıları bir yerə toplamağa imkan verən təşkilati cəhətdən qanunlaşdırılmış daim fəaliyyətdə olan bazardır. Əmtəə birjasında birgə istənilən qaydalara uyğun olaraq ticarət əməliyyatları aparmaq üçün kommersiya vasitəçiləri könüllü surətdə birləşirlər. Əmtəə birjasının məqsədi azad rəqabətin idarə olunması mexanizmini yaratmaq və onun köməyi ilə tələb və təklifin dəyişdirilməsini nəzərə almaqla real bazar qiymətlərini aşkara çıxarmaqdır.

Bazar iqtisadiyyatlı ölkələrdə əmtəə birjaları müvəffəqiyyətlə fəaliyyət göstərirlər. London əlvan metallar, Liverpul pambıq, Sinqapur kauçuk və s. ixtisaslaşdırılmış əmtəə birjaları buna bariz sübutdur. Hazırda Rusiyada 150-dən çox, Azərbaycanda isə yalnız bir əmtəə birjası vardır.

Maliyyə biznesi – kommersiya fəaliyyətinin xüsusi növüdür. Burada alqı-satqı obyekti spesifik əmtəə-pul, valyuta və qiymətli kağızlar hesab edilir. Maliyyə biznesinin fəaliyyət sahəsi kommersiya bankları və fond birjaları hesab edilir. Maliyyə biznesi valyuta bazarının və qiymətli kağızlar bazarının təhlilini və marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.

Sahibkar öz pul vəsaitini banklarda saxlayır və digər təşkilatlar qarşısındakı öhdəlikləri üzrə nağdsız qaydada hesablaşma aparır. Bank öz müştərilərinə kredit xidməti göstərir. Bu cür münasibətin hüquqi forması kredit müqaviləsi adlanır. Həmin müqavilənin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, borcverici kimi bank çıxış edir.

Sığorta iqtisadi təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üsullarından biridir, düşünülmüş, ağıllı ehtiyatlılıqdır. Sığorta sığorta olunan və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərə dəyən zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətdir. Sığortanın iqtisadi mahiyyəti ondan ibarətdir ki, zərərlə nəticələnən əlverişsiz vəziyyət baş verən zaman dəyən zərəri minimuma endirməkdir.

Təhlil subyektindən asılı olaraq müəssisənin maliyyə hesabatının xarici təhlili içərisində auditor xidməti xüsusi yer tutur. Auditin inkişafının hüquqi bazasını “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il) təşkil edir. Audit – mülkiyyət formasından və təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlamaları məcburi və ya təsərrüfat subyektlərinin təşəbbüsü ilə könüllü ola bilər.

Lizinq – istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya müəyyən müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür. Lizinq xidməti sahibkarlıq fəaliyyətini maliyyələşdirməyin ən əlverişli üsullarından biridir. Lizinq münasibətləri “Lizinq xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (1994-cü il) vasitəsilə tənzimlənir. Sahibkar lizinq xidmətindən istifadə etməklə müxtəlif cür istehsal amillərinin, istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar,nəqliyyat vasitələri və s. əmlak ala bilər.

Qiymətli kağızlar - qiymətli kağız sahibinin emitet barəsində əmlak hüququnu və ya borc münasibətlərini təsdiqləyən pul sənədidir. Qiymətli kağızların meydana gəlməsi ilə kapitalın ikiyə bölünməsi prosesi baş verir. Bir tərəfdən istehsal fondları ilə təqdim edilən real kapital mövcuddur, digər tərəfdən isə qiymətli kağızlarda onun əksi.

Qiymətli kağızların ən geniş yayılmış növləri səhm, istiqraz vərəqəsi, dövlət xəzinə öhdəlikləri, əmanət sertifikatları sayılır. Qiymətli kağızların tədavülə buraxılması və qeydiyyata alınması qaydası, qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyəti “Qiymətli kağızlar və fond birjaları haqqında” Azərbaycan Respublikası Qanunu (1992-ci il) ilə tənzimlənir.

Qiymətli kağızlar bazarı birinci və ikinci bazara bölünür. İkinci bazarın əsasını fond birjası təşkil edir. Fond birjası xüsusi şəkildə təşkil olunan, müntəzəm surətdə fəaliyyət göstərən qiymətli kağızlar bazarıdır, haradakı qiymətli kağızların alqı-satqı sazişi aparılır. Satılmış qiymətli kağızların miqdarı, onların kursu haqqında məlumatlar müntəzəm surətdə fond birjaları tərəfindən dərc olunur.

Konsultativ biznes - mütəxəssislər tərəfindən verilən ödənişli məsləhətlər şəklində həyata keçirilir. Dünya təcrübəsində idarəetmə məsələləri üzrə kommersiya məsləhəti və ödənişli məsləhət verilməsi “konsaltinq” adlanır. İqtisadiyyat və idarəetmə üzrə Məsləhətçilər Assosiasiyasının Avropa Federasiyasının verdiyi tərifə görə Menecment Konsaltinq problemlərin, yaxud imkanların müəyyənləşdirilməsi, qiymətləndirilməsi və reallaşdırılmasına dair müvafiq tədbirlər və tövsiyələr daxil olmaqla idarəetmə məsələləri üzrə müstəqil məsləhətlər verməkdən və köməklik göstərməkdən ibarətdir. Sənayecə inkişaf etmiş ölkələrdə konsultativ xidmət formasında intellektual mülkiyyətə qoyulan vəsait yeni avadanlığa və mütərəqqi texnologiyaya qoyulan vəsaitdən heç də az səmərə vermir.

Ədəbiyyat:
1) Azərbaycan Dövlət İqtisad Universiteti,Biznesin təşkili və idarə edilməsi dərslik,Bakı-2011,səh.14-19.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr