Biznesin təşkilati-hüquqi formalarının seçilməsi


Biznesin təşkilati-hüquqi formasının seçilməsi haqqında qərar qəbul
edərək sahibkar müəyyənləşdirir:

- ona tələb olunan mümkün hüquq və öhdəliklərin səviyyəsi və həcmini. Bu biznesin profili və məzmunundan, mümkün tərəfdaşlar dairəsindən, mövcud qanunvericilikdən asılıdır;
- müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu biznesin profili və məzmunundan, şəxsin imkanlarından, fəaliyyət miqyasından, biznesin həyata keçirildiyi sahədə rəqabətin səviyyəsindən, mülkiyyət formasından asılıdır;
- müəssisənin təşkilati quruluşunun ən effektiv formasını və onun idarə olunması sxemini.

Beləliklə, biznesin xarakteri, fəaliyyət miqyası, maliyyə imkanları,
həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və
nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək
mümkündür.

Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər ki, bunlara aşağıdakıları aid etmək olar:

- kapital sahibinin idarəetmədə və müəssisənin istehsal fəaliyyətində şəxsən iştirakının zərurilik dərəcəsi;
- sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın və kommersiya təşkilatının kapital mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliyyətinin dərəcəsi;
- müəssisənin nizamnamə kapitalının qoyulan vəsaitin qaytarılması imkanı və qaydası.

Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intellektual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli.

Şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin həmin vaxta kimi olan borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır.

Sahibkarlıq korporasiyasının müasir təşkilati formalarından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri.

Məhdud məsuliyyətli cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavbdehlik daşımır və qoyduqları əmanətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini
öz üzərinə götürürlər.

Məhdud məsuliyyətli cəmiyyət – ilkin kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakçılar qoyduqları həmin pay çərçivəsində
məsuliyyət daşıyırlar. Məhdud məsuliyyətli cəmiyyət şəxsi element və maddi elementi daha hormonik əlaqələndirməyə imkan verir.

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları həm fiziki və həm də hüquqi şəxs ola bilər. Cəmiyyət bir şəxs tərəfindən də yaradıla bilər. Cəmiyyətin iştirakçıları uğursuzluq baş verdiyi hallarda çox ziyana düşəcəkləri barədə narahat olmurlar. Çünki onlar cəmiyyətə daxil olarkən özlərinin qoyduqları payına risk edirlər.

Məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyırlar. Əlavə məsuliyyətli cəmiyyətin təsis sənədləri məhdud məsuliyyətli cəmiyyətin tələblərinə, ünvanına və təsisçilərinə uyğun gəlməlidir.

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında
yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

İstehsal kooperativi birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsidir. İstehsal kooperativinin üzvləri kooperativin öhdəliklərinə görə onun nizamnaməsində nəzərdə tutulan həcmdə və qaydada məsuliyyət daşıyırlar. İstehsal kooperativinin üzvləri beş nəfərdən az olmamalıdır. İstehsal kooperativinin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı sayılır. Kooperativin icra orqanı idarə heyəti və onun sədri hesab edilir. Kooperativin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada əməkdə iştirakı nəzərə almaqla təkcə mənfəət deyil, həm də ləğv edilən kvota bölünür.

Unitar müəssisə ona təhkim edilmiş mülkiyyətçinin əmlakına mülkiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bilməz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər. Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həmçinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası və mənbələri haqqında məlumatlar əks etdirilməlidir.


Ədəbiyyat:
1) Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin təşkili və idarə edilməsi Dərslik, Bakı-2011, səhifə 20-25.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr